“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

 

1. 7-1-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Hüquqi şəxs statusu almaq istəyən kommersiya qurumunun, o cümlədən xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialının dövlət qeydiyyatı 2 gündən gec olmayaraq həyata keçirilməlidir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı sürətli elektron dövlət qeydiyyatı zamanı dərhal, adi elektron dövlət qeydiyyatı zamanı isə 1 gündən gec olmayaraq həyata keçirilməlidir.".


2. 16.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"16.1. Hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 15 gün müddətində ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir.".


3. Aşağıdakı məzmunda 16.1-1-ci və 16.1-2-ci maddələr əlavə edilsin:
"16.1-1. Bu Qanunun 16.1-ci maddəsində qeyd edilən ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
16.1-1.1. ləğvetmə qərarı;
16.1-1.2. ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat;
16.1-1.3. Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunmasını təsdiq edən sənəd və möhür.";
"16.1-2. Təqdim edilmiş sənədlər bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, 5 gün müddətində hüquqi şəxsin ləğvetmə prosesində olması barədə qeyd reyestrə daxil edilir.".


4. 16.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"16.2. Ləğvetmə komissiyası (təsviyəçi) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir:
16.2.1. ləğvetmə balansı;
16.2.2. qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı və həmin əmlakın iştirakçılara təqdim edilməsini (qeyri-kommersiya təşkilatı olduğu halda isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini) təsdiq edən sənəd;
16.2.3. hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin və nizamnaməsinin (əsasnaməsinin) əsli, üzərində "ləğv prosesindədir" yazılmış möhür;
16.2.4. səhmdar cəmiyyətlərdə səhmlərin dövriyyədən çıxarılmasına dair müvafiq icra hakimiyyəti orqanının arayışı;
16.2.5. hüquqi şəxs yenidən təşkil formasında ləğv edildikdə, bu Qanunun 16.1-1.1-ci, 16.1-1.3-cü, 16.2.3-sü və 16.2.4-cü maddələrində nəzərdə tutulan sənədlərlə birlikdə təhvil aktı və ya bölünmə balansı.".


5. 16.8-ci maddədən "60 gün ərzində" sözləri çıxarılsın.


6. aşağıdakı məzmunda 16.9-cu maddə əlavə edilsin:
"16.9. Xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin ləğv edilməsi zamanı hüquqi şəxslərin ləğvi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və bu Qanun ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə əlaqədar bağlanmış sazişin qüvvədə olma müddətinin uzadılmaması həmin filial və ya nümayəndəliyin ləğv edilməsi üçün əsasdır.".

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 noyabr 2013-cü il.