Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №4, II kitab, maddə 251, №5, maddə 323, №12, maddə 835; 2001, №1, maddə 24, №7, maddə 455; 2002, №1, maddə 9, №5, maddələr 236, 248, 258, №6, maddə 326, №8, maddə 465; 2003, №6, maddələr 276, 279, № 8, maddələr 424, 425, №12, I kitab, maddə 676; 2004, №1, maddə 10, №4, maddə 200, №5, maddə 321, №8, maddə 598, №10, maddə 762, №11, maddə 900; 2005, №1, maddə 3, №6, maddə 462, №7, maddə 575, №10, maddə 904, №11, maddə 994; 2006, №2, maddələr 71, 72, 75, №5, maddə 390, №12, maddələr 1008, 1020, 1028; 2007, №2, maddə 68, №5, maddə 398, №6, maddələr 560, 562, 579, №8, maddə 757, №10, maddələr 937, 941, №11, maddələr 1049, 1080, 1090, №12, maddə 1221; 2008, №6, maddələr 454, 461, №7, maddə 602, №10, maddə 884, №12, maddələr 1047, 1049; 2009, №5, maddə 315, №7, maddə 517, №12, maddə 953; 2010, №2, maddə 70, №3, maddələr 171, 178, №4, maddələr 275, 276, №7, maddə 591; 2011, №4, maddə 253, №6, maddə 472, №7, maddələr 587, 601, 621, №11, maddə 980, №12, maddə 1093; 2012, №2, maddə 45, №3, maddələr 193, 196, №7, maddələr 666, 669, 673; №11, maddə 1068, №12, maddə 1223; 2013, №1, maddə 14, №2, maddə 102, №4 maddə 364, №5, maddələr 459, 479, 481, №6, maddələr 594, 600) aşağıdakı dəyişikliklər edilsin:

1. 52-ci maddə üzrə:
1.1. 52.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
"52.1. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.";
1.2. Aşağıdakı məzmunda 52.1-1-ci maddə əlavə edilsin:
"52.1-1. Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır.";
1.3. 52.2.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
"52.2.6. himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya I qrup əlili olan şəxslərə;"
1.4. 52.2.7-ci maddədə "edilən" sözündən sonra "və ya məcburi çıxarılması milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olan" sözləri əlavə edilsin.
1.5. 52.3-cü maddədə "52.1 və 52.2-ci" sözləri "52.1-52.2-ci" rəqəmləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 318-1-ci maddə əlavə edilsin:
"Maddə 318-1. Qanunsuz miqrasiyanın təşkili
318-1.1. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına qanunsuz gəlməsini, Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını, Azərbaycan Respublikası ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmə -
iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
318-1.2. Eyni əməllər:
318-1.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
318-1.2.2. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
318-1.2.3. təkrar törədildikdə;
318-1.2.4. insan həyatı üçün təhlükəli üsulla törədildikdə -
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır."



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti



Bakı şəhəri, 3 dekabr 2013-cü il.