Göyçayda Ədliyyə İşçilərinin Peşə Bayramı qeyd edilib

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü ədliyyə orqanlarında və məhkəmələrdə böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur.

Bu münasibətlə keçirilən tədbirlər çərçivəsində noyabrın 18-də Göyçay rayon İcra Hakimiyyəti Başçısının və digər qurumların rəhbər şəxslərinin iştirakı ilə Ədliyyə Nazirliyinin Göyçay regional ədliyyə idarəsinin və yerli ədliyyə qurumlarının əməkdaşları tərəfindən Göyçay rayon Şəhidlər Xiyabanında ağacəkmə kampaniyası keçirilmiş, aksiya zamanı dekorativ şam ağacları əkilmişdir.

Ağacəkmə kampaniyası yekunlaşdıqdan sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun vətən uğrunda göstərdiyi şücaətlərdən söz açılaraq, Vətən müharibəsində qəhrəmancasına döyüşərək, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin xatirəsi anılmışdır.

Peşə bayramlarını iftixar hissi ilə qeyd edən məhkəmə və ədliyyə işçiləri rayon İcra Hakimiyyəti Başçısının və digər qurumların rəhbər şəxslərinin iştirakı ilə noyabrın 22-də Göyçay şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.