Azərbaycan ədliyyəsinin 95 illik yubileyi yüksək səviyyədə qeyd olunur

Noyabrın 22-i ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunmuşdur. Bu gün ölkəmizdə ədliyyə orqanlarının yaradılmasından 95 il ötür.

Azərbaycan ədliyyəsinin yubileyi nazirlikdə və bütün struktur qurumlarda böyük ruh yüksəkliyi ilə geniş qeyd edilir.

Bayram günü ədliyyə işçiləri, hakimlər Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə dərin ehtiramlarını bildirmiş, məzarı önünə əklil qoymuşlar. Həmçinin akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzülmüş, Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş övladlarımızın əziz xatirələri anılmışdır.

Yubiley ilə əlaqədar həmçinin, ədliyyə orqanlarında silsilə tədbirlər təşkil olunur, ədliyyə veteranlarına baş çəkilmiş, idman, xeyriyyə tədbirləri keçirilmiş, ədliyyə orqanlarında bir çox gənclərlə bağlı yeni təyinatlar aparılmış, Azərbaycan ədliyyəsinin tarixinə və müasir inkişafına dair foto və sənədlərdən ibarət xüsusi ekspozisiyalar, yeni nəşrlər və əyani vəsaitlər, habelə nazirliyin müasir fəaliyyətinə həsr olunmuş qısametrajlı sənədli film hazırlanmışdır. Peşə bayramı ərəfəsində ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirilmiş, Xaçmaz regional ədliyyə şöbəsi üçün yeni inşa olunmuş müasir inzibati binanın açılışı xüsusilə əlamətdar olmuşdur.

Bayram günlərində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ədliyyə orqanları işçilərinin və hakimlərin yüksək dövlət təltiflərinə, fəxri adlara və ali xüsusi rütbələrə layiq bilinməsi dövlətimizin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğının növbəti təzahürü olmuşdur.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə bir gündə təsis olunan Ədliyyə Nazirliyi əsrə yaxın dövr ərzində zəngin tarixi yol keçərək müasir inkişaf mərhələsinə çatmış, dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilmiş, səlahiyyətləri xeyli genişlənmiş, cəmiyyətdə nüfuzu daha da yüksəlmişdir.

Ədliyyə tarixinə və ənənələrinə sadiqliyin bariz nümunəsi olaraq nazirliyin Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk dəfə fəaliyyətə başladığı və ölkə Prezidenti cənab İlham Əliyevin yüksək qayğısı sayəsində əsaslı təmir olunaraq xeyli müasirləşmiş Səadət Sarayında Azərbaycan ədliyyəsinin 95 illik yubileyi münasibətilə mərasim keçirilmişdir.

Mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Baş prokuror Zakir Qaralov və Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iştirak etmişlər.

Ədliyyə naziri mərasimi açaraq peşə bayramı münasibətilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik etmiş, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan bəhs etmiş, ulu öndər Heydər Əliyevin müasir ədliyyə və məhkəmə sisteminin formalaşması və inkişafında misilsiz xidmətlərini xatırlatmışdır. Nazir F.Məmmədov prezident seçkilərində xalqımızın böyük vətəndaş həmrəyliyi ilə cənab İlham Əliyevi yenidən dövlət başçısı seçməklə Azərbaycanın hərtərəfli sürətli tərəqqisinə, gələcək inkişafına səs verdiyini vurğulamış, son illər ölkəmizin sürətli iqtisadi tərəqqiyə nail olduğunu, əhalinin rifahının günbəgün yaxşılaşdığını, Azərbaycanın dünyada imicinin xeyli yüksəldiyini, respublikamızın sosial-iqtisadi tərəqqisi çərçivəsində ədliyyə və məhkəmə islahatlarının nailiyyətlərini qeyd etmişdir.

Bildirmişdir ki, ölkə başçısının rəhbərliyi ilə ədliyyə sistemi xeyli təkmilləşmiş, nazirliyin normativ-hüquqi bazası yenilənmiş, səlahiyyətləri artırılmış, ədliyyənin müxtəlif fəaliyyət istiqamətləri üzrə yeni işlək mexanizmlər yaradılmış, habelə məhkəmə sisteminin müasirləşdirilməsi çərçivəsində yeni regional məhkəmələr təsis edilmiş, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçim qaydası müəyyən edilmiş, infrastruktur yaxşılaşmışdır.

Prezident Administrasiyasının şöbə müdiri F.Ələsgərov çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin ədliyyə işçilərinə təbrikini çatdırmışdır. Ədliyyə orqanlarının intibah dövrü yaşadığını vurğulayan F.Ələsgərov aparılan islahatlardan, o cümlədən cəmiyyətdə ədliyyənin yeri və rolundan, şəffaf və elektron xidmətlərin və İKT-lərin tətbiqindən danışmış, əldə olunan nailiyyətləri yüksək qiymətləndirmiş, nazirliyin kollektivinə uğurlar arzulamışdır.

Ali Məhkəmənin sədri Ramiz Rzayev Azərbaycanın məhkəmə sisteminin tarixindən danışmış, son illər ölkəmizdə məhkəmə-hüquq islahatlarının uğurla aparılmasından, əldə olunan nailiyyətlərdən bəhs etmişdir.

Yığıncaqda fəaliyyətində fərqlənmiş bir qrup ədliyyə işçisi mükafatlandırılmış, onlara xüsusi rütbələr, qiymətli hədiyyələr və s. təltiflər təqdim olunmuşdur.

Sonra Azərbaycan Ədliyyəsinin tarixinə və müasir fəaliyyətinə həsr olunmuş film nümayiş olunmuş, mərasim mədəni proqramla davam etmişdir.

 

22/11/2013